“Ağ ölüm”ə qarşı mübarizə hər kəsin vətəndaşlıq borcudur.

  Bu gün narkomaniya bütün dünyada ən kəskin problemlərdən birinə çevrilmişdir. “Ağ ölüm” cəmiyyəti təhdid edən böyük bəla, milli genofond üçün ciddi təhlükədir.  Narkotik tərkibli maddələr müasir dövrdə tibbi məqsədlərlə geniş tətbiq dairəsinə malikdir. Lakin təəssüf ki, eyni zamanda insanların fiziki və psixi sağlamlığına, onların sosial statusuna sarsılmaz yara vuran, ən qorxulu asılılıq kimi qiymətləndirilən narkotik vasitələrə aludəçilik həllini gözləyən ən mühüm problemlərə aiddir.

  Narkotiklərlə bağlı qanunsuz əməllərin gizli şəraitdə törədilməsi, onlara adekvat nəzarət mexanizminin mövcud olmaması və müvafiq faktların get-gedə artması narkomaniya probleminin aktuallığını və ona qarşı mübarizənin əhəmiyyətini yüksəldir. Narkotizmə qarşı ardıcıl mübarizə bu sahədə davamlı, hərtərəfli və məqsədyönlü fəaliyyətin reallaşdırılmasını tələb edir.

  Gənc nəslin mümayəndələri arasında “ağ ölüm”ə meyili şərtləndirən başlıca amillərdən biri onlarda narkotik vasitələrə aludəçiliyin doğurduğu mənfi nəticələr haqqında yetərli informasiyanın olmamasından irəli gəlir. Bir sıra hallarda əlverişsiz sosial çevrə narkomaniyaya meyili stimullaşdırır. Nəticədə narkotik asılılığının əsirinə çevrilən gənclər bu fəlakətli vərdişin dağıdıcı təsirindən xilas ola bilmirlər. Narkomaniyaya qurşanan gənclər öz potensialını cəmiyyətin inkişafına yönəltmək imkanından məhrum olurlar.

  Təəssüflə qeyd olunmalıdır ki, narkomaniya bəlası Azərbaycandan da yan keçməmişdir. Bu baxımdan gənclər arasında narkotiklərə meyilin artması ciddi narahatlığa əsas yaradır. Narkomanların sayının çoxalması QİÇS və bir sıra digər ağır xəstəliklərin yayılmasına rəvac verir.  “Ağ ölüm”ün fəsadlarına qarşı mübarizə hər bir vətəndaşın fəal dəstəyini tələb edir.

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi dövlət Proqramı (2005-2009-cu illər)”nda gənclər arasında hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası ilə bağlı, “Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı”nda isə gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi ilə bağlı ayrıca fəsil nəzərdə tutulmuşdur.

  Narkotik aludəçiliyinə və digər zərərli vərdişlərə qarşı ardıcıl mübarizə, sağlam gənc nəslin formalaşdırılması dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Gənclər və İdman Nazirliyi narkomaniyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi, narkotiklərə meyilin azaldılması, sağlam həyat tərzinin təbliği məqsədilə bir sıra tədbirlər həyata keçirir. Hazırda bu sahədə müasir tələblərə cavab verən aksiyaların təşkilinə xüsusi diqqət yetirilir. Sağlam həyat tərzinin gənclər arasında təbliğini yeni və daha təsirli metodlar vasitəsilə həyata keçirmək məqsədilə “Həyatla oyun” adlı tamaşa hazırlanmışdır. İlk dəfə 2012-ci ildə səhnələşdirilən tamaşanın böyük maraq doğurduğunu və gənclərin bu sahədə maarifləndirilməsində çox təsirli təbliğat vasitəsi olduğunu nəzərə alaraq, bu səhnə əsəri 2015-ci ildə Bakının Binəqədi, Səbail, Nərimanov, Sabunçu, Suraxanı, Xəzər, Qaradağ, Yasamal, Nəsimi, Xətai, Nizami rayonlarında, Abşeron rayonunda, Sumqayıt şəhərində, habelə Hacıqabul, Saatlı, Sabirabad, İmişli, Beyləqan, Lerik, Astara rayonlarında nümayiş etdirilmişdir.

  2015-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçirilmiş və 10 dekabr-Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş gənclərin yaradıcılıq festivalının mövzularından biri narkomaniyaya qarşı mübarizəyə həsr edilmişdir. 2015-ci ildə habelə Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev adına parkda Gənclərin Sağlamlıq Festivalı keçirilmişdir. Festival çərçivəsində bir sıra idman növləri üzrə yarışlar təşkil olunmuş, idman nömrələri nümayiş etdirilmişdir.

  Bütövlükdə dövlət gənclər siyasətinin bu mühüm aspekti çərçivəsində son 10 ildə 300-ə yaxın tədbir həyata keçirilmiş, bu tədbirlər on minlərlə gəncin həyatında müsbət iz buraxmışdır.

  Gənclər və İdman Nazirliyi hər zaman gənclər arasında sağlam həyat tərzinin təbliği ilə bağlı layihələrin maliyyələşdirilməsinə çalışır. Nazirlik bu sahədə BMT-nin Uşaq və Əhali fondları, Qlobal Fond kimi beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir.

  Müasir beynəlxalq təcrübə göstərir ki, narkomaniyaya qarşı mübarizənin ən təsiredici metodu profilaktikadır. Narkomaniyanın profilaktikasında isə ən effektiv vasitə gənclərin asudə vaxtının səmərəli təşkilidir. Bu prosesdə idman müstəsna rol oynayır. Gənc nəslin asudə vaxtının səmərəli təşkili məqsədilə ölkəmizdə çoxlu Olimpiya İdman kompleksləri, idman zalları və meydançaları yaradılmış, bir sıra bölgələrdə gənclərə sosial xidmətlər göstərən “Gənclər evləri” istifadəyə verilmişdir. Hazırda idman qurğularına və “Gənclər evləri”nə gənclərin geniş kütlələrinin cəlb edilməsi, onların asudə vaxtının səmərəli təşkili üçün ardıcıl fəaliyyət davam etdirilir. Bütün bu tədbirlər narkomaniyaya qarşı mübarizə prosesinə böyük töhfə verir.

Nərmin Aslanbəyova,

Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin 
təbliği və sosial proqramlar sektorunun müdiri




Просмотрено: 952