Narkotizm sosial təhlükədir

    Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının, milli mənəvi və əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunmuş, təşkilati-hüquqi və müxtəlif praktiki tədbirlər həyata keçirilmişdir.

   Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, normativ hüquqi baza təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğun müvafiq işlər görülmüş, bu istiqamətdə ölkəmiz beynəlxalq tədbilərdə aktiv iştirak etmişdir.

    Ölkə başçısı cənab İlham Əliyev “Narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramının (2013-2018-ci illər) təsdiq edilməsi barədə” növbəti Sərəncamı imzalamaqla ölkəmizin bu sahədə strateji kursunu müəyyən etmişdir. Dövlət Proqramının məqsədi respublikamızda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması, qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir.

   Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya tərəfindən Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi ilə müəyyən işlər görülmüşdür .

   Sabunçu Rayon Polis İdarəsinin (RPİ) NMB-nin və ərazi polis bölmələrinin əməkdaşları ilə birlikdə 2016-cı ilin 6 ayı ərzində əməliyyat tədbirləri nəticəsində 80 cinayət faktı aşkar olunmuşdur. Onlardan 57 fakt saxlama, 18 fakt satış və 6 əkin faktı olmuşdur. Cinayətkarlardan müsadirə olunaraq götürülmüş narkotik vasitənin ümumi çəkisi 14 kq 420 qr olmuşdur. Onlardan marixuana -13kq 412 qr, heroin - 971,4 qr, tiryək - 4,8qr, həşiş - 31, 8 qr olmuşdur. “Xaş-xaş-2016” şərti ad altında Tədbirlər Planının icrası ilə bağlı RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 6 əkin faktı üzrə yaş çəkisi 28,99 qr olan 356 ədəd çətənə kolu aşkar olunaraq götürülmüşdür.

    2016-cı il ərzində Komissiya rayon Polis İdarəsi ilə birlikdə maarifləndirmə istiqamətinə daha çox diqqət yetirmişdir. Belə ki, rayon ərazisində yerləşən 3 kollecdə, 6 peşə liseyində, 3 internat məktəbində və 46 təhsil müəssisəsinin yuxarı sinif şagirdləri arasında mütəmadi iclaslar, konfranslar, görüşlər keçirilmiş, videoçarxlar nümayiş olunmuş, şagirdlər arasında bukletlər paylanmışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, 2016-cı il ərzində Bakı Şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi, Rayon Narkomanlığa qarşı Mübarizə və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya ilə birlikdə rayonun bütün məktəblərində “Narkomaniyaya yox deyirik”, “Narkomaniya və alkoqolizmin fəsadları”, “Gəlin narkomaniyaya yox deməyi bacaraq” ,”Narkomaniya-ağ ölümdür”, “Biz sağlam həyat tərzi seçirik”, “Narkomaniya əsrimizin bəlasıdır” mövzularında, tədbirlər keçirilmişdir.

   Dövlət Proqramının narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin icrası ilə bağlı 24.02.2016-cı il tarixdə Bakıxanov qəsəbəsindəki Gənclər Evində Sabunçu rayon orta məktəblərinin təlim-tərbiyə üzrə direktor müavinləri və məktəb psixoloqlarının iştirakı ilə təlim-məşğələ keçirilmişdir.

    26 iyun BMT-nın “Narkotillərlə Mübarizə Günü” ilə bağlı Sabunçu Rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Komissiyasının, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sabunçu rayon şöbəsinin və Sabunçu RPİ-nin təşkilatçılığı ilə Bakı Asudə vaxt Mərkəzində maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirə dəvət olunmuş rayon Ağsaqqallar Şurasının sədri Nadir Əsədov narkomanlığın fəsadları barədə qəsəbə sakinləri, ziyalıların və məktəblilərin iştirakı ilə maraqlı söhbət açmışdır.

   Narkomanlıqla mübarizə işində qeyri-hökumət təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sabunçu rayon şöbəsi yaxından iştirak edir. Bu qurumla birlikdə “Zərərli vərdişlərin fəsadları” haqqında biliklərin artırılması, Şəhriyar adına kitabxanada “Narkomaniya- ölümə aparan yoldur” maarifləndirmə tədbiri keçirilmişdir.

   Eyni zamanda Dövlət Proqramının icrası ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyası tərəfindən yaradılmış 428-44-23 nömrəli etimad telefonu xidmət göstərir. Əhalinin böyük auditoriyasını əhatə etmək məqsədi ilə görülmüş işlər barəsində hər il “İki sahil” qəzetinin səhifələrində Komissiyanın fəaliyyətindən bəhs edən yazılar dərc olunur.

    Narkotizmlə mübarizə sahəsində əldə olunan təcrübə göstərir ki, yeniyetmə və gənclər əksər hallarda maarifləndirmədən düzgün nəticə çıxarırlar. Bu da onların yazdıqları inşa işlərində, çəkdikləri şəkillərdə, təşkil olunmuş sərgilərdə, səhnələrdə, idmana olan münasibətdə öz əksini tapmışdır.

   Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar göstəricilər təhlükəli həddə olmasa da, əhəmiyyətsiz dərəcədə də deyildir. Problemin narahatlıq doğuran məqamlarından biri də narkomaniya və narkobiznes kimi çirkin işlərə yeniyetmələrin və qadınların cəlb edilməsidir. Sabunçu rayonu üzrə azyaşlılar tərəfindən narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunan qeydə alınmamışdır, qadınlar arasında isə 3 nəfər cinayət məsuliyyətinə cəlb olunmuşdur.

    Məlumdur ki, narkobaronların kifayət qədər zəngin sərvətə malik olması, ölkələrin ictimai-siyasi bünövrəsini sarsıtmağa, hegemonluğa can atması dünya praktikasında presedenti olan hadisələrdir və cəmiyyətimizin belə amansız təhlükə ilə üzləşməyəcəyinə heç kim zəmanət verə bilməz. Belə təhlükələrlə üzləşməməyimiz üçün də bütün cəmiyyət bilməlidir ki, narkomaniya - qarşısında bəşəriyyətin aciz qaldığı ən arzuolunmaz yoluxucu xəstəlik, sağlamlığın, mənəviyyatın, sevincin, səadətin, ən ülvi hisslərin, bir sözlə, insanlığın qənimidir. Ona görə də dinindən, dilindən, irqindən, milliyyətindən asılı olmayaraq hər bir bəşər övladının ən müqəddəs borcu -insanlığa qənim olan bu bəla ilə fəal mübarizə aparmaq olmalıdır. Çünki yalnız mütərəqqi bəşəriyyətin səylərini birləşdirmək yolu ilə gələcək nəsilləri narkomaniyanın qorxunc təhlükəsindən  qorumaq mümkün olacaqdır. XXI əsrin çağırışlarından hesab edilən narkotiklərin qanunsuz dövriyyəsinin bəşəriyyətin gələcəyinə böyük təhlükə yaratdığını və terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış etdiyini nəzərə alaraq, hər birinizi gələcəyimizi qorumağa, bu bəla ilə fəal mübarizə aparmağa çağırırıq.

G.Məmmədov

Sabunçu Rayon İcra

Hakimiyyəti başçısının yanında Narkomanlığa və Narkotik

Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə

Komissiyasının sədri




Просмотрено: 1082