Şəkidə narkomaniya ilə bağlı 23 cinayət faktı aşkar edilib

   Şəki Şəhər İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyası müvafiq dövr ərzində Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarını, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq səmərəli fəaliyyət göstərmişdir.

   21 yanvar 2016-cı il tarixdə Şəki Şəhər Gənclər və İdman İdarəsi, şəhər-rayon Polis şöbəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal -Qərb bölgəsi üzrə şöbəsinin nümayəndələri ilə birlikdə Şəki Pedaqoji Kollecində “Narkomaniya, erkən nikah, dini radikalizm və onların zərərli təsiri” mövzusunda yığıncaq keçirilmişdir. Anoloji tədbirlər 11 fevral 2016-cı il tarixində rayonun Dəhnə kənd 1 saylı tam orta məktəbində, 26 fevral 2016-cı il tarixdə Kiçik Dəhnə kənd 1 saylı məktəbində, 19 may 2016-cı il tarixdə isə Şəki Tibb Kollecində keçirmişdir.

   13 may 2016-cı il tarixdə Şəki Şəhər Gənclər və İdman İdarəsi “İdeal” şadlıq sarayında 15 may-Beynəlxalq Ailə Günü münasibətilə “Gənc ailənin problemləri” adlı “dəyirmi masa” keçirmişdir.

   Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında 2013-2018-ci illərdə filialda təhsil alan tələbə-gənclər arasında narkomanlığa qarşı profilaktik maarifləndirici tədbirlərin keçirilməsi, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə hallarının olub-olmamasının müəyyənləşdirilməsi, narkotik vasitələrin və psixotrop maddələrin insan sağlamlığına zərərli olması və ciddi sosial problemlər doğurması barədə təbliğat işlərinin gücləndirilməsi nəzərdə tutulmuşdur. Filialda aparılmış müşahidələr göstərmişdir ki, tələbələr arasında belə zərərli vərdişlərə qurşanmış şəxslər olmasa da, siqaret çəkənlər vardır. Belə tələbələr arasında müntəzəm təbliğat işləri aparılır, tədris korpusları, bufet və yeməkxana daxilində siqaret çəkmə hallarının qarşısı qətiyyətlə alınmış, bununla əlaqədar xəbərdaredici lövhələr vurulmuşdur. Filialda şəhər hüquq-mühafizə, səhiyyə orqanları və Şəki Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən görüşlərdə, debat və müzakirələrdə bu məsələlərlə əlaqədar fikir mübadilələri aparılır, davamlı insan inkişafına əngəl olan narkotikadan istifadənin törətdiyi sosial bəlalar, onların insan orqanizminə göstərdiyi məhvedici təsir tələbələrin diqqətinə çatdırılır, bu məqsədlə videoçarxlar nümayiş etdirilir. Tələbələrə insan sağlamlığına və mənəviyyatına ciddi zərər vuran, fiziki və psixoloji asılılıq yaradan belə zərərli vərdişlərin, onlara qarşı hərisliyin ciddi nəticələrə səbəb olması barədə həm statistik məlumatlardan, həm də real həyat faktlarından geniş nümunələr göstərilir, fikir mübadiləsi aparılır. Tələbələrdə antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə tədris olunan fənlərin imkanlarından geniş istifadə olunur.

   “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Şəki Tibb Kollecində 2016-cı ilin 6 ayı ərzində bu məsələ diqqət mərkəzində saxlanılmış və bu məqsədlə bir sıra tədbirlər həyata keçirilmişdir. Narkotik maddələrin, psixotrop maddələrin insan orqanizminə təsiri, onun fəsadlarına dair Tələbə Gənclər Təşkilatı Şəki Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşlarının iştirakı ilə aprel ayında nəzəri konfrans keçirmişdir. Konfransda şəhərimizin digər orta ixtisas təhsili müəssisələrinin tələbə gənclər təşkilatlarının nümayəndələri də iştirak etmişlər. Konfransda gənclər arasında zərərli vərdişlərin yaranmasına səbəb olan amillər, narkotik maddələrin yayılması yollarına dair fikir mübadiləsi aparılmış, mühazirə dinlənilmişdir.

   Narkotik maddələrin yayılmasının qarşısını almaq yolları, gənclərin cəmiyyətdə bu sahədə yerinə yetirə biləcək işlərə dair hər bir qrupda sinif rəhbərlərinin tələbələrlə söhbət aparmaları həyata keçirilmişdir. Bundan başqa, kollecin divar qəzetində vaxtaşırı olaraq narkotik maddələrdən istifadə olunmasının qarşısını almaq, gənclərin maarifləndirilməsini təmin edən mövzulara dair məqalələr verilmişdir. Kollecdə bundan sonra da Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etmək üçün pedaqoji və tələbə kollektivi arasında maarifləndirmə işinin aparılmasını, zərərli vərdişlərin aradan qaldırılmasını təmin edən tədbirlər həyata keçiriləcəkdir.

   Azərbaycan Respublikası Prezidentinin fərmanlarını, həmçinin Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Şəki Şəhər Təhsil Şöbəsi və şəhər-rayon Polis şöbəsinin birgə tərtib və təsdiq etdikləri cədvələ əsasən məktəblərdə “Narkomaniyaya yox deyək”, “Narkomaniya və onun fəsadları” mövzusunda maarifləndirici söhbətlər aparılmışdır.

   Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi və Şəki Şəhər Prokurorluğunun nümayəndələri şəhərin 20, Şorsu, Daşüz, Aydınbulaq, Böyük Dəhnə 2 saylı, Kiçik Dəhnə 2 saylı kənd orta məktəblərində narkomaniya ilə bağlı keçirilmiş maarifləndirici tədbirlərdə məruzələrlə çıxış etmişlər. Maarifləndirici söhbətlərdə İcra nümayəndələri, Bələdiyyə orqanlarının rəhbərləri və məktəb direktorları iştirak etmişlər. Maarifləndirici söhbətlərin aparılması pedaqoji kollektivlər tərəfindən müsbət qarşılanmış və bu cür söhbətlərin fasiləsiz aparılması tövsiyə edilmişdir.

   Şəki Pedaqoji Kollecində 2015-2016-cı tədris ili üçün tədbirlər planı nəzərdə tutulmuş və icrası təmin edilmişdir.

   -narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları barədə gənc müəllimlərə və tələbələrə məlumat verilmiş, bunun üçün polis orqanlarından və mərkəzi xəstəxanadan mütəxəssislər dəvət edilmişdir. Narkomanlığın şəxsiyyətə, ailəyə və bütövlükdə cəmiyyətə vurduğu zərər izah olunmuşdur. Bunlardan əlavə narkomanlığa düçar olmamağın yolları barədə gənclərin maarifləndirilməsi işləri aparılmışdır. Tələbə gənclərə narkomanlığa ilk addımın atılmasının dəhşəti, sonrakı aqibəti izah olunmuş, bu yoldan çəkilməyin üsulları izah edilmişdir. Tələbələrə aşılanmışdır ki, hər bir gənc özünün və bütövlükdə yaşadığı cəmiyyətin sağlamlığı naminə şüurlu və iradəli olmalı, biliklərini və dünyagörüşünü daim təkmilləşdirməlidir. Kollecdə narkoloji dispanserin həkimləri, eyni zamanda polis şöbəsinin müvafiq sahə üzrə mütəxəssisləri ilə müəllim və tələbələrin görüşü təşkil edilmişdir. Bütün ixtisaslarda “Tibbi biliklərin əsasları” fənni tədris olunur və bu mövzuya aid müntəzəm olaraq maariflənmə işi aparılır.

   Şəki nömrəli Peşə məktəbində 2015-2016-cı tədris ili üçün tədbirlər planı nəzərdə tutulmuş və icrası təmin edilmişdir. Narkotik vasitələrin psixotrop maddələrin və bu bəlaya düçar olmamağın yolları haqqında qruplarda təbliğat işi aparılmışdır. Narkoloji dispanserin, Şəki Şəhər-Rayon Polis Şöbəsinin azyaşlılarla iş üzrə şöbəsinin əməkdaşları ilə məktəbin şagird və pedaqoji kollektivinin görüşü təşkil edilmişdir.”Narkomaniyanın və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda elmi-praktiki konfransı keçirilmişdir. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyası yaradılmışdır.

   Şəki şəhər Mədəniyyət və Turizm Şöbəsi tərəfindən 16 mart 2016-cı il tarixində M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində 3 saylı uşaq musiqi məktəbinin və Şəki Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə Narkomaniya ilə Mübarizə Gününə həsr edilmiş “Narkomaniyaya yox deyək, gəncliyimizi qoruyaq” adlı tədbir  keçirilmişdir.

   13 may 2016-cı il tarixdə İ.S.Nakam adına Mərkəzi Kitabxanada “Narkomaniya və onu doğuran fəsadlar” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir. Tədbirdə müxtəlif yaş qrupundan olan  oxucular, ictimaiyyətin nümayəndələri, mədəniyyət işçiləri və s.iştirak etmişlər.

   Mərkəzi kitabxananın resurs şöbəsinin hazırladığı video materialda narkomaniyanın fəlakətlərinin canlı şahidlərinin dilindən bir neçə epizodlar izlənmişdir. Tədbir iştirakçılarının sualları mütəxəssislər tərəfindən cavablandırılmışdır. Sonda “Narkomaniya bəşəri bəladır”adlı sərgiyə baxış olunmuşdur.

   2016-cı ilin 6 ayı ərzində 44700 nəfər əhali narkoloji müayinədən keçirilmişdir. Şəki Rayon Mərkəzi Xəstəxanasının Narkoloji şöbəsi tərəfindən 4194 nəfər şəxs profilaktik gəlişlər daxil olmaqla müayinədən keçirilmişdir ki, bunlardan 1284 nəfəri sırf narkoloji xəstələr olmuşdur. Şəki Rayon Mərkəzi Xəstəxanasının Narkoloji şöbəsinin həkimləri  35 çağırışa gedərək evdə narkoloji xəstələrə yardım etmişdir. Şəki Rayon Mərkəzi Xəstəxanasının şöbələrində, Musiqi Kollecində, məktəblərdə, apteklərdə Narkoloji şöbəsinin həkimləri tərəfindən narkotiklərin zərərli təsiri barədə “Ağ ölüm”, “Narkotik və ailə”, “Narkotik və cinayət”, “Narkotik və AİDS” adları alrında, may ayında Narkotiklərə qarşı Milli Təbliğat ofisi əməkdaşları ilə birlikdə 12 saylı tam orta məktəbdə, “S” kanalda 4 dəfə və digər təşkilatlarda 56 mühazirə oxunmuşdur.

   Şəki Rayon Mərkəzi Xəstəxanasının Narkoloji şöbəsi və xəstəxananın tibb işçiləri narkoloji xəstələrin vaxtında aşkar və müalicə edilməsi yolu ilə onun qarşısının alınması üçün profilaktik baxışlardan, valideynlərin müraciətlərindən kollektiv və idarə rəhbərlərinin müraciətlərindən, hüquq və səhiyyə idarələrinin çağırış və göndərişlərindən, narkoloji şöbənin digər idarə və müəssisələrində qarşılıqlı iş əlaqələrindən istifadə edirlər. 2016-cı il ərzində 7 narkotik qəbul edən şəxs narkoman xəstə kimi qeydiyyata götürülmüşdür. 5 nəfər spirtli içki qəbul edən şəxs alkoqolizm diaqnozu ilə qeydiyyata alınmışdır.

   Ümumi qeydiyyata götürülən 12 nəfər narkoloji xəstədən 2 nəfəri kənd əhalisidir. 2016-cı ilin 6 ayı ərzində Şəki Rayon Mərkəzi Xəstəxanasının narkoloji şöbəsində 628 xəstə qeydiyyata durur ki, bunlardan 259 xəstə narkomaniya, 4 xəstə toksikomaniya 355 xəstə alkoqolizm xəstəliyinə düçar olan şəxslərdir. Narkomaniya diaqnozlu xəstələrdən 67 nəfəri kənd əhalisidir, 1 xəstə qadındır, 18-29 yaşda 4 xəstə, 30 -60 yaşda 254 xəstə qeydiyyatdadır. 17 xəstə venadaxili heroin istifadə edir. 

   2016-cı ilin 6 ayı ərzində Şəki Rayon Mərkəzi Xəstəxanasının Narkoloji şöbəsində insan psixikasına təsir göstərən maddələrin qəbulu ilə əlaqəli 4 xəstə ilk dəfə olaraq stasionar müalicə almışdır ki, bunlardan 4 xəstədə alkoqolizm diaqnozu təsdiq edilmişdir. İnsan psixikasına təsir göstərən maddələrin qəbulu ilə əlaqəli 50 narkoloji xəstə ambulator müalicə almışdır ki, bunlardan 28 xəstə alkoqolizm, 22 xəstə narkomaniya diaqnozlu xəstələrdir. 7 nəfər narkomaniya diaqnozlu xəstə stasionar müalicə almaq üçün Bakı şəhərinə göndərilmişdir. İnsan psixikasına təsir göstərən maddələrin qəbulu ilə əlaqəli sərxoşluq hallarının aşkar edilməsi üçün bu günə qədər Şəki  Rayon Mərkəzi Xəstəxanasının Narkoloji şöbəsində 780 ekspertiza aparılmışdır.

    Şəki Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 2016-cı ilin 6 ayı ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində 23 cinayət faktı aşkar olunmuşdur. Onlardan 17 faktı saxlama, 6 faktı isə satış təşkil etmişdir. Cinayətkarlardan müsadirə olunaraq götürülmüş narkotik vasitələrin ümumi çəkisi 1 kq 37,28 qram olmuşdur. Onlardan 990,72 qramını marixuana, 4,255 qramını heroin, 34,925 qramını tiryək, 7,38 qramını həşiş qətranı təşkil etmişdir.

   2016-cı ilin müvafiq dövrü ərzində cinayətkarlardan müsadirə olunaraq götürülmüş narkotik vasitələrin çəkisi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 407,355 qram çox olmuş, o, cümlədən güclü təsirə malik narkotik vasitə 22,095 qram çox aşkar olunmuşdur. Narkoloji dispanserdə narkoman kimi dispanser və profilaktiki qeydiyyatda olan, rayon ərazisində yaşayan şəxslər ətrafında əməlliyat -profilaktiki tədbirlər davam etdirilir.

    “Xaş-xaş 2016” tədbirlər planına əsasən rayon ərazisində 6 fakt üzrə ümumi çəkisi 16814 kq olmaqla, 43088 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq kökündən çıxarılmış və yandırılaraq məhv edilmişdir.

   2016-cı ilin müvafiq dövrü ərzində qadın və azyaşlılar tərəfindən narkotiklərlə bağlı cinayət məsuliyyətinə cəlb olunan qeydə alınmamışdır.

    Şəki Şəhər İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə  Komissiyası 2016-cı ildə bütün imkan və vasitələrdən tələb olunan qaydada istifadə edərək, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq narkomaniyaya qarşı mübarizədə işlərini günün tələblərinə uyğun səviyyədə quracaqdır.

Həsən Həsənov,

Şəki Şəhər İHB-nın birinci müavini, Şəki Şəhər İcra 
 Hakimiyyəti yanında Narkomanlığa və Narkotik 
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının sədri




Просмотрено: 908