Ağ ölümə yox deyək!

   Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Xaçmaz Rayon Komissiyası Respublika Prezidentinin  2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop madələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2013-2018-ci illər üçün  Dövlət Proqramı”na əsasən illik Fəaliyyət Planı hazırlamış və komissiya aidiyyəti dövlət orqanları, ictimaiyyətlə birlikdə bu istiqamətdə bir sıra işlər görmüşdür. Xaçmaz rayonu Rusiya Federasiyası ilə həmsərhəddir. Eləcə də rayonun Xəzər sahili, Yalama-Nabran zonasına istirahətə gələnlərin hesabına əhalinin sayı xeyli artır ki, bu da kriminogen şəraitin kifayət qədər mürəkkəbləşməsinə səbəb olur.

    Rayon İcra Hakimiyyəti narkomanlığın qarşısının alınması ilə bağlı  həyata keçiriləcək tədbirlərə daim diqqətini artırır. Belə ki, rayon ictimaiyyəti nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının, hüquq-mühafizə orqanlarının iştirakı ilə narkomanlığın dövlətə, cəmyyətə və insanların sağlamlığına vurduğu ziyan barədə seminar-müşavirələr  keçirilmişdir. 

    Rayon komissiyası müvafiq strukturlarla birlikdə narkomanlığın qarşısının alınması işini daim nəzarətdə saxlayır, müvafiq tədbirlər həyata keçirərək narkotik asılılıqda olan şəxslərlə, bu əmələ meyllilərlə məqsədli maarifləndirmə işi aparır. Rayon komissiyasının təşəbbüsü ilə ümumtəhsil məktəblərində, Rayon Turizm və İnformasiya Mərkəzində, Uşaq İncəsənət Məktəbində, Texniki peşə liseyində “Antinarkomaniya”, “Narkomaniya ilə mübarizə zamanın tələbidir”, “Narkomaniyaya yox deyək”, “Ağ ölümə yox deyək”, “Narkotik maddələrin ayrı-ayrı orqanlara və ümumi insan orqanizminə mənfi təsiri” mövzularında məruzələr oxunmuş, mütəxəssislərin iştirakı ilə söhbətlər  aparılmışdır.

    “Antinarkomaniya və insan alverinə qarşı mübarizə” mövzusunda təbliğat vasitəsi olan disklərin  şəhər məktəblərində şagirdlərlə  birgə baxışı təşkil edilmişdir. Cəmiyyətin sağlam inkişafına, mənəviyyatına, onun genefonduna ağır zərbə vuran narkomaniya ilə mübarizə işi Azərbaycan dövlətinin ümumi siyasətinin  əsas tərkib hissəsi olduğu məktəblilərin nəzərinə çatdırılmışdır. “Narkomaniyaya yox deyək” devizi altında ümumtəhsil məktəblərində şagirdlər arasında inşa müsabiqələri və rəsm sərgiləri keçirilmişdir.

    Rayonda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin köməkliyindən də istifadə olunmuşdur. Belə ki, tərəfimizdən keçirilmiş tədbirlər ayrı-ayrı televiziya kanallarında və mətbuatda işıqlandırılmışdır, müntəzəm olaraq bu qlobal mövzuya toxunulmuş, narkomaniyanın insan orqanizminə zərəri, törətdiyi fəsadları, cəmiyyətə vurduğu ziyanı əks etdirən videoçarxlar göstərilmiş, mütəxəssislərin iştirakı ilə verilişlər hazırlanmışdır.

   Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə üzrə rayon komissiyası da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslərə dair daxil olmuş icra vərəqələrinin icrası ilə bağlı müvafiq  işlər görmüşdür.

     Xaçmaz Rayon Polis İdarəsinin əməkdaşları bütövlükdə narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində müəyyən müsbət nəticələr əldə etmişlər. Rayon  Polis şöbəsi narkomanlığın yayılması və qarşısının alınması istiqamətində  qabaqlayıcı profilaktik tədbirlər görmüşdür. Narkotik vasitələrin, psixotrop maddələrin müvafiq profilaktikası və kompleks əməliyyat tədbirləri həyata keçirilmiş, bu növ cinayətlərdə şübhəli olan şəxslər barəsində müvafiq uçot-qeydiyyat işləri aparmışdır. Onların cinayət əməlləri ifşa olunaraq cinayət başında yaxalanması həyata keçirilərək istintaq orqanlarına təhvil verilməsi təmin olunmuşdur.

Y.Mehmanov,

Xaçmaz RİH başçısının birinci müavini, Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri




Просмотрено: 1222