Narkomaniyanın doğurduğu faciələrdən bəhs edən film-tamaşa nümayiş olunmuşdur

   Cari ilin 02 noyabr tarixində Nizami Kino Mərkəzində narkomaniyanın doğurduğu faciələrdən bəhs edən “Bəla” film-tamaşasının ictimai nümayişi həyata keçirildi.

   Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənov, Milli Məclisin deputatları, Dövlət Komissiyasının üzvləri, aidiyyəti dövlət orqanlarının məsul şəxsləri, Bakı şəhəri üzrə rayon komissiyalarının sədrləri, o cümlədən ictimai təşkilatların nümayəndələri iştirak etmişdir.

  Əsasən maarifləndirmə funksiyasını yerinə yetirən, narkomaniyanın doğurduğu faciələr barədə aydın təsəvvür yaradan film-tamaşa Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, o cümlədən Bakı Uşaq Teatrının yaradıcı və texniki heyəti tərəfindən ərsəyə gəlmişdir.

    Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri cənab Əli Həsənov,  Milli Məclisin deputatı Fazil Mustafa  çıxış edərək Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən işlərdən, maarifləndirmə xarakterli olan film-tamaşanın əhəmiyyətindən danışıblar. Ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dövlət səviyyəsində yetirilən diqqət və bu sahədə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib.

    Daha sonra cənab Əli Həsənov dövlətimizin narkotiklərlə mübarizə sahəsində dəyişməz qətiyyətli mövqə göstərdiyini diqqətə çatdırdı. Qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin hər zaman gənclərə böyük dəyər verərək onları dövlətimizin və millətimizin gələcəyi adlandırmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət və həmçinin Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın göstərdiyi səylər nəticəsində Azərbaycanın artıq bütün dünyada tanındığıni və mötəbər tədbirlərə ev sahibliyi edərək ölkəmizin nüfuzunun artdığını bildirdi.

    Narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanlarının əməyini yüksək dəyərləndirib bu sahədə cəmiyyətin hər bir fərdinin fəal vətəndaş mövqeyi nümayiş etdirməsini diqqətə çatdırdı.

   Cənab Əli Həsənov bildirdi ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində beynəlxalq və regional təşkilatlarla, həmsərhəd və digər dövlətlərlə sıx əməkdaşlıq münasibətləri qurulmuşdur. Belə ki, 19-23 noyabr 2018-ci il tarixdə Bakı şəhərində BMT-nin  Yaxın və Orta Şərqdə  narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyası keçiriləcəkdir.

  Bundan əlavə, Beynəlxalq Norkotiklərlə Mübarizə Konfransının (İDEC) qərarına əsasən Azərbaycan 2019-cu il 16-18 aprel tarixlərində Bakı şəhərində bu mötəbər qurumun növbəti konfrasına ev sahibliyi etmək hüququ əldə etmişdir. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarların qəbul olunması ölkəmizin beynəlxalq təşkilatlar ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyinin göstəricisi olduğunu bildirdi.

  Yekunda Əli Həsənov dövlətimizin narkotiklərlə mübarizə çərçivəsində istər dövlət qurumlarının, istər ictimai birliklərin, istərsə də vətəndaşların hər birinin təşəbbüsünü müsbət qiymətləndirdiyini və onların həyata keçirilməsi üçün əlindən gələn köməkliyi etməyə hazır olduğunu xüsusi ilə qeyd etdi.

   Çıxışlardan sonra əsasən maarifləndirmə funksiyasını yerinə yetirən, narkomaniyanın doğurduğu faciələr barədə aydın təsəvvür yaradan “Bəla” film-tamaşasi nümayiş olunmuşdur.

  Daha sonra cənab Əli Həsənov “Bəla” film-tamaşasının ərsəyə gəlməsində zəhməti olan yaradıcı heyəti, aktyor və aktrisaları qəbul edərək onlara minnətdarlığını bildirərək öz tövsiyələrini vermişdir.




Baxılıb: 1541