“Gələcəyimiz naminə narkomaniyaya yox deyək!” adlı qol güləşi idman növü üzrə açıq turnir keçirilib

  İyunun 22-də Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq YAP Nizami rayon təşkilatının və Azərbaycan Qol Güləşi Federasiyasının birgə təşkilatçılığı ilə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Gələcəyimiz naminə narkomaniyaya yox deyək!” adlı qol güləşi idman növü üzrə açıq turnir keçirilib.

  Tədbir iştirakçıları öncə Mərkəzin 44 günlük Vətən müharibəsində şəhid olmuş məzunlarının xatirəsinin əbədiləşdirilməsi üçün yaradılmış guşəni ziyarət ediblər.

  Turnirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  Sonra mərasimdə çıxış edən YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdiri Rufiz Qonaqov, Gender siyasəti və gənclərlə iş şöbəsinin müdir müavini Zəkiyyə Musayeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Beynəlxalq əlaqələr departamentinin rəis müavini Elnur Orucov, Nizami RİH başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, Narkomanlığa qarşı mübarizə üzrə Nizami rayon komissiyasının məsul katibi Bəhman Hüseynov, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi Elvin Əliyev, Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Dünya Armrestlinq Federasiyası prezidentinin müşaviri Cəsarət Əhmədov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mahir Namazov və başqaları bildiriblər ki, gənclər arasında narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə YAP Mərkəzi Aparatı, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında 2022-ci ilə dair birgə Tədbirlər Planı imzalanıb. Tədbirlər Planı çərçivəsində narkomanlıqla mübarizə sahəsində maarifləndirmə işinin aparılması məqsədilə təlimçilərin hazırlanması, bu istiqamətdə dəyirmi masaların, fləşmobların, idman yarışlarının, mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulur. Əsas məqsəd cəmiyyətimizdə, xüsusilə də gənclərdə zərərli vərdişlərin qarşısını almaqdan ibarətdir.

  Çıxışlardan sonra turnirə start verilib. Turnirdə 5 çəki dərəcəsi üzrə 150 idmançı mübarizə aparıb.

  Gərgin mübarizə şəraitində keçən turnirdə qaliblərə pul mükafatları, diplomlar, medallar və “İronMaxx – Azərbaycan” şirkətinin hədiyyələri təqdim edilib.




Baxılıb: 1137