Narkotiklərə birgə "yox" deyək!

Sosial şəbəkələrdə maarifləndirici aksiya keçirilib

 Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib və bununla əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən  2019–2024-cü illər üçün  22 iyul 2019-cu il tarixində Dövlət Proqramı təsdiq edilib.

 Dövlət Proqramından irəli gələn vəzifələri yerinə yetirmək məqsədilə Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü il üçün Tədbirlər Planı işlənib hazırlanıb. Tədbirlər Planına uyğun olaraq 2024-cü ilin aprel və may, iyun ayları ərzində ölkə üzrə narkomanlıqla mübarizə sahəsində ictimai maarifləndirmə tədbirlərini gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici bukletlər, yaddaş kitabçaları paylanılıb, müəyyən izahatlar verilib. Eyni zamanda 26 iyun - BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar partiya fəalları tərəfindən 24 iyun tarixindən başlayaraq sosial şəbəkələrdə “Narkotiklərə birgə yox deyək!” devizli  aksiyaya start verilmiş, #Narkomaniyayason #StopNarkomaniya həştəqləri ilə “X”, “Facebook” və “İnstagram” sosial şəbəkə platformalarında müxtəlif maarifləndirici materiallar paylaşılmışdır. Sosial şəbəkə aksiyası çərçivəsində "X" sosial şəbəkə seqmentində 10 min 808, "İnstagram" sosial şəbəkə seqmentində 13 min 643, "Facebook" sosial şəbəkə seqmentində isə 19 min 844 paylaşım edilib. Bütövlükdə iyunun 26-dək davam edən aksiya çərçivəsində sosial şəbəkələrin bütün seqmentlərində 44 mindən çox poster, video və müxtəlif maarifləndirici materiallar paylaşılıb.




Baxılıb: 702