2015-ci ilin I rübü ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmişdir.
Belə ki, cari ilin I rübündə narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 942 fakt aşkar edilmişdir ki, onlardan 273 satış, 661 saxlama, 17 əkin, 6 digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 351 kq 519,551 qr müxtəlif növ narkotik vasitələr müsadirə olunmuşdur.
Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 280 kq 638,932 qr marixuana (80%), 49 kq 343,755 qr tiryək (14%), 13 kq 801,91 qr heroin (4%), 7 kq 608,613 qr həşiş (2%), 126,237 qr digərləri, 90,149 qr psixotrop maddələr təşkil etmişdir.
Həmçinin “Xaş-Xaş 2015” şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib becərilən və yabanı halda bitmiş 250 kq 242,700 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilmişdir.
Cinayət məsuliyyətinə 500 nəfər cəlb edilmişdir ki, onlardan 2-i 18 yaşadək, 122-i 30 yaşadək, 352-i 30 yaşdan yuxarı, 6-ı fəhlə, 1-i qulluqçu, 1-i nəqliyyat işçisi, 427-si işləməyənlər, 2-i qadınlar, 498-i kişilər, 21 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur. Əcnəbilərdən 10-u Gürcüstan, 6-ı İran İslam, 3-ü Türkiyə və 2-i Ukrayna Respublikasının vətəndaşı olmuşdur.
Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2014-cü il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 28.656 (2013-cü ildə 28.376) nəfər qeydiyyatda olmuşdur ki, onlardan 23.042 nəfəri dispanser, 5.614 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 554 nəfəri qadın, 152 nəfəri toksikoman, 20.276 nəfəri (409 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2014-cü ildə 1.235 nəfər yeni qeydiyyata götürülmüş, 955 nəfər isə qeydiyyatdan çıxarılmışdır.