о городе

Xızı rayonu kənd təsərrüfatı rayonu kimi 1930-cu ildən fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı vaxtdan rayonun əsas təsərrüfat fəaliyyəti heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, bostançılıq olmuşdur. Rayonda aqrar sektorun inkişaf etdirilməsi üçün geniş imkanlar vardır. Bunlardan ən başlıcası rayonun dağlıq zonaları ərazilərində kartof əkininin və arıçılığın inkişaf etdirilməsi, kifayət gədər suvarma suyunun (Samur-Abşeron kanalı) və münbit, əkinə yararlı torpaq sahələrinin olması, aran zonası ərazisində tərəvəz, bostan əkini sahələrini genişləndirməklə məhsuldarlığı artırmaq hesabına məhsul istehsalını artırmaq, emal müəssisələrinin yaradılması və eləcə də, şəkər çuğunduru istehsalının təşkil olunması, maldarlıq (ətlik-südlük), qoyunçuluq və quşçuluq məhsullarının istehsalınin artırılması və emalının təşkili sahələridir.

Rayonda qoyunçuluğun sürətli inkişafı və istehsal olunan yun xalçaçılığın inkişafı üçün real zəmin yaradır. Hələ XIX-XX əsrlərdə Xızı mahalının bir çox kəndlərində kustar sənətkarlıq, xüsusilə xalçaçılıq xeyli inkişaf etmişdir.

Rayonun ümumi ərazisi 1668.0 kv.km., məhsuldar torpaqların ümumi sahəsi 919.79 kv.km., kənd təsərrüfatına yararsız torpaqların sahəsi 612.2 kv.km., otlaq sahəsi 843.12 kv.km., əkilmiş torpaqların sahəsi 68.04 kv.km., meyvə bağlarının sahəsi 13.5 kv.km.-dir.

Əhalisi 15598.0 nəfər, onlardan 51.4 %-i şəhərdə, 48.6 %-i kəndlərdə yaşayır.

Xızı rayonu ərazisində külli miqdarda yüksək keyfiyyətli gil (Giləzi qəsəbəsi, Əmbizlər, Qasımkənd, Ağdərə kəndləri ərazisində), qum (Giləzi və Şuraabad qəsəbələrinin dənizkanarı ərazilərində), çınqıl (Qasımkənd, Əmbizlər, Ağdərə, Xələnc, Fındığan kəndləri və Giləzi qəsəbəsinin ərazisindən keçən Əmbizlər, Ağdərə, Xələnc, Ataçay, Tıxlı çayları) və bentonit (Ağdərə kəndi ərazisində) ehtiyyatları müvcuddur. Belə ki, rayon ərazisində Giləzi Kərpic zavodu, 3 ədəd çınqıl sexi (Xələnc və Fındığan kəndlərində), Şuraabad qum karxanası, “Giləzi Yem” ASC, “Deka” su zavodu, “Giləzi Yem” ASC və asfalt zavod fəaliyyət göstərir.

Xızı rayonunda bir çox tarixi-memarlıq və sənət abidələri vardır. Xələnc kəndində XV-XVI əsrə aid Ağ pir abidəsi və Ağdərə kəndində Xəlifə Süleyman piri yerləşir. Altıağac qəsəbəsində XVII-XVIII əsrə aid Kilsə zəngi, Xələnc kəndində XIX əsrə aid Ətəh çayının sahilində dəyirman və Fındığan kəndində tədqiqata ehtiyacı olan Pay dül-dül piri yerləşir. 1923-cü ildə Xızı kəndində tikilmiş hamam, 1989-cu ildə qoyulmuş Mikayıl Müşfiqin büstü, 1999-cu ildə Xızı şəhərində  ucaldılmış Cəfər Cabbarlının abidəsi yerləşir. 2004-cü ildə Altıağac qəsəbəsi “Cənnət Bağı” istirahət mərkəzində və 2006-cı ildə Xızı şəhərində yerləşən “Heydər parkı”nda Ümummilli liderimiz Heydər Əliyevin abidəsi ucaldılmışdır.

Rayonda 4 ulduzlu “Cənnət bağı” istirahət mərkəzi ilə yanaşı çaykənarı “Mərcan” və “Cil” istirahət mərkəzləri, Altıağac qəsəbəsinin Qızılqazma kəndində mehmanxana, restoran və istirahət mərkəzi fəaliyyət göstərməkdədir.




Просмотрено: 4000