Rayon haqqında

Azərbaycan Respublikasının şimal-qərbində yerləşir. İnzibati rayon kimi 1930-cu ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Zaqatala rayonuna verilmiş, 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur. Rayonun ərazisi 1494 km2- dir. Şimal-şərqdən Dağıstan Respublikası, cənub-qərbdən Gürcüstan Respublikası, şimal-qərbdən Zaqatala və cənub şərqdən Şəki inzibati rayonları ilə həmsərhəddir. Rayonun şimal və şimal-şərq hissəsi Baş Qafqaz silsiləsinin cənub yamacına, mərkəzi hissə Qanıx-Həftəran vadisinə, cənub hissəsi isə Acınohur ön dağlığına daxildir. Ərazinin hündürlüyü cənubda Acınohur gölü sahilində təqribən 100 m, şimalda Baş Qafqaz silsiləsinin yalında 3480 m-ə çatır. Rayonun baş Qafqaz silsiləsinin cənub yamacına daxil olan dağlıq hissəsi dik və sıldırımlı olub kəskin parçalanmış relyefə malikdir. Bu dağlıq ərazidə Yura və Təbaşir dövrlərinin dəniz mənşəli çöküntüləri yayılmışdır.

Əhalisi 54,4 min nəfər olmaqla 59 yaşayış məntəqəsini (1 şəhər, 58 kənd) özündə birləşdirir. 77,0 %-ni azərbaycanlılar, 14,0 %-ni ingiloylar, 5,0 %-ni saxurlar, 1,0 %-ni ləzgilər və 3,0 %-ni digər millətlərin nümayəndələri təşkil edir. 1 şəhər və 58 kənd vardır.

Ərazinin cənub və mərkəzi hissəsi əsasən düzənlik relyefə malik olub neogen və Dördüncü dövrlərin kontinental mənşəli çağıldaşılarından, qumlardan, qumdaşılarından, gillərdən və gilləcələrdən təşkil olunmuşdur.

Rayonun iqlimi cənub hissədə quru subtropik, mərkəzi hissədə mülayim isti, yarım rütubətli subtropik, yüksək dağlıqda soyuqdur. Orta temperatur yanvarda düzənlik ərazidə 2oS-dən yüksək, dağlıq ərazidə mənfi 10oS–yə qədər, iyulda müvafiq olaraq 26oS və 50oS-dir. İllik yağıntı cənubda 300mm, şimalda 1600mm-ə qədərdir. Rayonun cənubunda quru, mərkəzdə mülayim isti və subtropik rütübətli iqlim, dağlarda soyuq, yağıntıların müntəzəm paylanması ilə səciyyəvi olan iqlim şəraitinə malikdir. Burada nisbətən kiçik bir ərazidə dörd iqlim zonası vardır. Qaxda temperaturun dəyişmə həddi çox böyükdür, dağların zirvəsində mənfi 40 dərəcədən Acinohur gölunun yaxınlığında müsbət 40 dərəcəyə qədər temperatur müşahidə olunur. Rayonun iqliminin keyfiyyətlərindən biri onun xeyli sahədə subtropikliyidir.

Rayonun torpaq örtüyü çox müxtəlifdir. Burada çimli dağ-çəmən, qonur dağ-meşə, allüvial çəmən-meşə, allüvial-çəmən, şabalıdı və karbonatlı yuxa qara torpaqlar yayılmışdır. Rayonun dağlıq ərazisində alp və subalp çəmənləri və enliyarpaqlı meşələr (palıd, fıstıq, vələs, qoz, şabalıd və s.) geniş sahə tutur. Meşlərin sahəsi ümumi rayon ərazisinin təqribən 30 faizini təşkil edir. Rayonun düzənlik ərazisində Qanıx-Həftəran vadisində çəmən bitkiləri, Acınohur ön dağlıq sahəsində isə çöl və yarımçöl bitkiləri yayılmışdr.

Rayonun faunası çox zəngindir. Rayon ərazisində yaşayan heyvanlardan Azərbaycan Respublikası “Qırmızı Kitab”ına düşmüş Vaşaq, Çöl pişiyi, Qarapaça, quşlardan İri qırğı, Berqut, Toğlugötürən, Qafqaz uları, Qafqaz tetrası, Kəklik, Bəzgəgkimiləri vardır. Bunlarla yanaşı rayonun dağlıq ərazisində ayı, canavar, çaqqal, tülkü, meş və Qamışlıq pişiyi kimi yırtıcı heyvanlar, maral, cüyür, Dağıstan dağkeçisi, çöl donuzu, cütdırnaqlı ov heyvanları və s. yayılmışdır.

İlisu kəndi ərazisində Beşbulaq, Səngərbulaq, Hamambulaq, Qaşqaçay kəndində Gövrüc bulaq, Ləkit-Kötüklü kəndində Qotur bulaq və s. vardır.

Qax rayonu kurort resursları cəhətdən zəngindir. İlisu və Sarıbaş kəndləri yaxınlığındakı və Hamam çayı boyunca yer üzünə çıxan termal bulaqlar ta qədimdən xalq təbabətində yel xəstəliyinə qarşı istifadə olunur. Bol mineral su ehtiyatlarının varlığı rayonda iqlim-balneoloji kurort zonalarının salınması üçün gənc potensiala malikdir. Süskən kəndi ərazisində mineral su, İlisu kəndi ərazisində Hamam dərəsində “Oğlan bulaq, qız bulaq”. Müalicəvi ocaq- “Şəfa” istirahət və müalicə pansionatı.

Rayon ərazisində 8 iri çay axır. Gürcüstan Respublikası ilə həmsərhəddən axan Qanıx çayı mənbəyini Türkiyədən alır və rayon ərazisindən 61 km. məsafədən keçməklə Mingeçevir su anbarına tökülür. Qalan çaylar mənbələrini Böyük Qafqaz sıra dağlarından alırlar. Kürmük çayının uzunluğu 54 km., Qapı çayın uzunluğu 11 km., mənsəbləri Qanıx çayı, Ləkit çayının uzunluğu 8 km. mənsəbi Qapı çayı, Zərnə çayı uzunluğu 11 km mənsəbi Qapı çayı və mənbəyi Şəki çayından başlayan Əyri çayı rayon ərazisindən 58 km keçməklə Qanıx çayına tökülür. Kürmük, Qaşqaçay, Əyriçay və s.rayonun Gürcüstanla sərhəddi boyu axan Qanıx hövzəsinə aiddir, suvarmada istifadə olunur.

Rayonun ən uca zirvələri Murana, Partizan, Qəbirliqaş, Yarpızbasan, Qıcalı hesab olunur.

İlisu kəndində Ramramay şəlaləsi hündürlüyü 25 metrdir. Ləkit kəndində öz unikallığı ilə seçilən şəlalə. Şəlalə 2006-cı ildən Azərbaycan Respublikası Nazirlər kabineti tərəfində təbiət abidəsi kimi qeydə alınmış və mühafizə olunur. 




Baxılıb: 2347