Lerik rayonu 1930-cu ilin avqust ayında təşkil edilmişdir. Yanvar 1938-ci ilədək mərkəzi Qosmalian kəndi olmaqla, Zuvand rayonu adlanmışdır. 29 kənd ərazi icra nümayəndəliyi və 29 bələdiyyə qurumu fəaliyyət göstərir.1084 kvadratkilometr əraziyə malik olan rayonda 161 kənd və bir şəhər vardır. Rayon əhalisinin sayı 78,6 min (01 yanvar 2013) nəfərdir. 20 iyun 2008-ci il tarixdə rayon mərkəzi olan Lerik qəsəbəsinə şəhər statusu verilmişdir. Əhalinin 10,3 faizi şəhərdə, 89,7 faizi kəndlərdə yaşayır. Rayon üzrə əhalinin orta sıxlığı bir kvadratkilometrə 68 nəfər, şəhərdə isə bir kvadratkilometrə 73 nəfərdir.
Lerik cənub və cənub-qərbdə Yardımlı, şimal-şərqdə Masallı, şərqdə Lənkəran, cənub-şərqdə Astara rayonları ilə həmsərhəddir. İran İslam Respublukası ilə sərhəd zolağının uzunluğu 49,5 kilometrdir. Ən yüksək zirvələri Talış silsiləsindəki Kömürgöy (2493m) və Qızyurdu yüksəkliyidir (2433m).
Rayonunun istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsi 52568 hektar və ya ümumi torpaq sahəsinin 53,3 faizini təşkil edir.
Rayon iqtisadiyyatının əsasını əkinçilik, heyvandarlıq və kartofçuluq təşkil edir. Qismən tərəvəzçilik və meyvəçilik də inkişaf etdirilir.
Dağlıq Qarabağ savaşında Lerik rayonu 130-dan çox şəhid verib. Onların 5-i şücaətlərinə görə Milli Qəhraman adına layiq görülüblər. Rayonda hazırda 76 nəfər Qarabağ əlili var.
Bitki örtüyü əsasən kolluq, seyrək meşəli çəmənlərdən və dağ meşələrindən (Palıd, vələs, fındıq, qızılağac, dəmirağacı və.sair) ibarətdir. Ümumi meşə sahəsi 40306 hektardır.
Faunası (heyvanlar aləmi): canavar, tülkü, caqqal, ayı, dovşan, meşə pişiyi və. sair.
Qışı sərt keçir. Bəzi dağlıq ərazilərdə temperatur mənfi 15-20 dərəcəyədək yüksəlir. Yayı mülayim isti olur.
Rayonda talışlar və türklər yaşayır. Hər iki xalqın adət-ənənəsi, məişəti demək olar ki, eynidir. Ərazidə milli və dini bayramlar geniş qeyd edilir. Milli yemək kimi ləvəngi və plovdan daha çox istifadə edilir.
Rayon ərazisində 200-dən çox təbiət və tarixi abidələr vardır. Ən qədim yaşayış məskəni kimi tarixə düşmüş Büzeyir mağarası, XI-XII əsr tarixi abidələri- Oğlan və Qız qalaları, XIV əsrə aid Xoca Seyid Türbəsi, XV-XVI əsrin yadigarı olan Babagil abidəsi, XII əsrə aid Cabir türbəsi, XIX əsrdə Lüləkəran kəndində tikilmiş məscid binası və digər qədim yaşayış məskənləri, qoç heykəlləri, daş qutusu nekrapolları, qəbristanlıqlar, qədim yaşayış yerləiri, mağaralar vardır.
Rayon ərazisində Talış və Peştəsər dağ silsiləsinin arasında özünəməxsus flora və faunaya məxsus olan Diabar çökəkliyi, Zuvand yasaqlığı yerləşir. Lerik ərazisində təbii mineral sular, sərin bulaqlar və Şərətük, Vazaru, Alaşar kimi iri dağ çayları vardır.
Qədim tarixə malik olan Lerik rayonu dünyada həm də uzunömürlülər diyarı kimi tanınır. Hazırda burada 90-100 yaş arasında yüzlərlə, yaşı 100-dən çox olan 10 sakin yaşayır.
Просмотрено: 5382