Neftçala rayonu Azərbaycan Respublikasında inzibati rayon kimi 1940-cı ildə təşkil olunmuşdur. O vaxta kimi Salyan rayonunun, bir il isə 24 yanvar 1939-cu ildə yaradılmış Xıllı rayonunun tərkibində olmuşdur. Neftçala rayonu sırf sənaye rayonu kimi təşkil olunmuş və kənd inzibati əraziləri Xıllı rayonuna tabe idi. Xıllı rayonu 1959-cu ilin sentyabrın 24-nə kimi rayon statusunu saxlamış və bu tarixdən də ləğv edilib Neftçala rayonunun ərazisinə birləşmişdir. 1959-cu ilin dekabr ayında Neftçala rayonu ləğv edilərək Salyan rayonunun tərkibinə verilmiş və 4 ildən sonra Neftçala sənaye rayonu kimi fəaliyyət göstərmiş və 1965-ci ildə ləğv edilərək Salyan rayonu ilə birləşmişdir. 1973-cü ilin aprel ayında Ümummilli lider Heydər Əliyevin xeyirxah təşəbbüsü ilə Neftçala rayonu yenidən təşkil olunmuşdur. Rayonun sahəsi 1451,7 km2, əhalisinin sayı isə 01 yanvar 2013-cü il tarixə 83175 nəfərdir. Rayonda 1 şəhər, 3 şəhər tipli qəsəbə, 48 kənd yaşayış məntəqəsi vardır. Mərkəzi Neftçala şəhəridir. Rayonda 18 İnzibati ərazi dairəsi üzrə nümayəndəlik və 19 bələdiyyə fəaliyyət göstərir. Təbii sərvətləri neft, qaz, yod, duz tərkibli sular, tikinti əhəmiyyətli kərpic istehsalı üçün xammal və balıqdır.
Neftçala rayonu Azərbaycan Respublikasının cənub-şərq hissəsində Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə, qədim karvan yolunun üstündə Kür-Araz ovalığının şərqində yerləşir. Şərqdən Xəzər dənizi ilə əhatələnir. Rayon 390531, 390331 şimal enlikləri ilə 480361, 490271 şərq uzunluqlar arasında yerləşir. Rayon şimaldan Şirvan Dövlət Qoruğu ilə, cənubdan Qızılağac Dövlət Qoruğu ilə həmsərhəddir və həmin qoruqlarda əsasən ceyran, quşlar mühafizə olunur.
Rayon ərazisinin səthi düzənlikdir. Cənub-şərqi Şirvan və Salyan düzü, qismən Muğan düzündə yerləşir. Ərazisi dəniz səviyyəsindən 22 m aşağıda yerləşir. Antropogen çöküntüləri yayılmışdır. Rayon ərazisi dəniz səviyyəsindən aşağıda olduğu üçün Xəzər dənizinin səviyyəsinin qalxması və azalması rayona birbaşa təsir göstərir. Rayon ərazisində yerləşən Kürkosa adası bəzən su səviyyəsi aşağı düşəndə yarımadaya çevrilir. Rayon ərazisində quruda bir neçə palçıq vulkanları vardır. Xəzər dənizində isə Neftçala rayonu sahilinə yaxın Kür daşı adası var. Bu ada palçıq vulkanları nəticəsində formalaşmışdır.
Palçıq vulkanlarının təsnifatındakı Bakı arxipelaqı vilayəti Xəzərin şimalda Balıqçı burnundan başlamış cənubda Qızılağac körfəzinədək uzanan geniş qərb hissəsini əhatə edir. Bu vilayətin palçıq vulkanları, konusları su səthindən baş qaldıran ada və ya sualtı saylardan ibarətdir. Neftçala sahillərində də bir çox sualtı saylar mövcuddur. Bunlar Borisov, Kalmıçkov, Karagedov, Kornilov–Pavlov, Kür, Poqorelaya Plita rifi, Qolovaçev sualtı saylardan ibarətdir. Xəzər dənizində su səviyyəsi aşağı olduğu vaxtlar bu saylar adaya çevrilir.
Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur yanvarda təqribən 3 °C, iyulda 25-36°C-dir. İllik düşən yağıntının miqdarı 300 mm-dir. Ərazinin küləkli olması iqliminin kəskin dəyişməsinə səbəb olur. Yarımsəhra çöl və şoran torpaqlar geniş yayılmışdır. Babazənən və Durovdağ yüksəkliyi arasında Salyan rayonu ilə olan sərhəddə duzlu göl olan Duzdağ gölü var. Neftçala rayonu şimalda Salyan, şimal-qərbdən Biləsuvar, qərbdən Cəlilabad, cənub-qərbdən Masallı, cənubdan Lənkəran rayonları ilə əhatə olunmuşdur.
Kür çayı rayon ərazisində delta əmələ gətirərək Xəzər dənizinə tökülür. Bala Kür kanalı, Muğan-Salyan kollektoru rayonun ərazisindən keçir. Boz-çəmən, karbonatlı allüvial-çəmən və çəmən bataqlıq torpaqları var. Şoranlıqlara rast gəlinir. Bitki örtüyü səhra və yarımsəhra tiplidir. Tuqay meşələri var. Rayonun heyvanat aləmi zəngin və rəngarəngdir. Burada ceyran və qutanlardan başlamış sığırlara və nərə balıqlarına qədər müxtəlif canlılara rast gəlmək olar. Nərə balıqlarının yetişdirilməsi ilə məşğul olan Kür Təcrübə Zavodu burada yerləşir. Zavodun laboratoriyasında körpə nərə balıqları yetişdirilir və qiymətli balıq növləri ehtiyatlarının təkrar istehsalı üçün onlar Kür çayına buraxılır. Zəngin flora və faunaya malik olan Qızılağac qoruğunun ərazisinin əksər hissəsi bu rayonda yerləşir. Rayonun ərazisində çöldonuzu, Kiçik Asiya qum siçanı, qırmızıquyruq qum siçanı, dovdaq, bəzgək, su ilanı, tısbağa, gürzə, çaqqal, canavar, ceyran, çöl pişiyi, dovşan, porsuq, tülkü və s. heyvanlara rast gəlinir. Nanə, itburnu, biyan, qatırquyruğu, çobanyastığı və digər dərman bitkiləri rayon ərazisində bitir. Şirvan Milli Parkının 1325 hektar sahəsi rayon ərazisində yerləşir. Kür çayının delta ərazisində su-bataqlıq quşlarının və digər fauna növlərinin yaşayış arialı mövcuddur. Rayon mərkəzindən 10 km aralıda, Kür çayı Xəzər dənizinə tökülən yerdə Kür çayının suyunun dənizin suyundan ideal düz xətt boyunca ayrılması kimi qeyri-adi mənzərə müşahidə olunur. Rayon ərazisi hesab olunan Kürkosa adası balıq ovu üçün çox münasib yerdir.
Просмотрено: 3411