Binəqədi rayonu Bakı şəhərinin inzibati ərazisinə daxil olub, şəhər mərkəzindən 10,5 km məsafədə, Abşeron yarmadasının Şimal-qərbində yerləşir. Ərazisi 170,00 kv.km, daimi yaşayan əhalinin sayı 253300, faktiki əhalinin sayı isə 400 000 nəfərə yaxındır.
Rayonun inzibati ərazisində 4 mikrorayon (6, 7, 8 və 9 mikrorayonlar) və 6 qəsəbə - Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən, Sulutəpə və 28 May qəsəbələri mövcuddur. Eyni zamanda, rayonda yerli özünü idarəetmə orqanı olan 5 bələdiyyə fəaliyyət göstərir.
Rayon ərazisində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 32 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar müəssisə - Uşaq Yaradıcılıq Mərkəzi, Uşaq Gənclər İdman Mərkəzi, Uşaq Gənclər Yaradıcılıq Mərkəzi, Uşaq Gənclər Şahmat İdman Mərkəzi və 34 məktəbəqədər təlim-tərbiyə müəssisəsi fəaliyyət göstərir. Bununla yanaşı, 4 texniki Peşə liseyi (6, 9, 18 və Turizm məktəbi), 3 musiqi məktəbi (6, 11 və 26), Bakı Humanitar Kolleci və 1 Ali təhsil müəssisəsi – Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, 8 kitabxana, 3 Mədəniyyət evi, 2 muzey, 24 mədəniyyət abidəsi (onlardan 16-sı ölkə, 8-i isə yerli əhəmiyyətlidir), 8 mehmanxana (4-ü dördulduzlu, 1-i beşulduzlu) fəaliyyət göstərir.
Rayonda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət tərəfindən qorunan, Binəqədi qəsəbəsi ərazisində yerləşən, 1915-ci ildə inşa edilmiş Hamam, 1908-ci ildə inşa edilmiş Məscid və minarə, Xocəsən qəsəbəsi ərazisində yerləşən XVIII əsrə aid Ovdan, IX - XVII əsrlərə aid yaşayış yeri, XVII əsrə aid Karvansara, Biləcəri qəsəbəsi ərazisində yerləşən 1658-ci ildə inşa edilmiş Məscid, arxeoloji abidələr sırasına daxil edilmiş Binəqədi qəsəbəsi ərazisində yerləşən Neft mədənləri ərazisində Tunc dövrü "Nekropol"u, neft mədənləri ərazisində XV-XVIII əsrə aid yaşayış yeri, eyni zamanda, Azərbaycan SSR Nazirlər Sovetinin 16 mart, 1982-ci il tarixli, 167 saylı Qərarına əsasən "Dövlət Qoruğu" elan edilmiş "Binəqədi IV dövr fauna və flora qəbirsanlığı" və "Keyrəki" vulkan dağı mövcuddur.
Baxılıb: 3515