Gəncə şəhəri Kəpəz rayonu Azərbaycan SSR Ali Sovetinin 21 noyabr 1980-ci il tarixli fərmanı ilə yaranmışdır, Göy-göl kurortu, 1 və 2 saylı sahə inzibati ərazi dairələri, Hacıkənd, Sadıllı, Natəvan, Məhsəti, Cavadxan, Şixzamanlı şəhər tipli qəsəbələr də daxil olmaqla, ərazisi 5184 hektar, daimi əhalisinin sayı 178500 min nəfərdir.
Rayonda Azərbaycan Texnologiya Universiteti, 4 elmi-tədqiqat müəssisəsi, 2 peşə liseyi və 1 peşə məktəbi, 27 orta məktəb, 19 tibb müəssisəsi, 6 mədəni maarif müəssisəsi, 2 musiqi məktəbi, mərkəzi kitabxananın 10 filialı, 10 sənaye, 4 nəqliyyat, 3 tikinti-quraşdırma müəssisələri fəaliyyət göstərir.
Müasir Gəncənin 7 km Şimalında yerləşən Qədim Gəncənin möhtəşəm memarlıq abidələrindən biri də «İmamzadə» türbəsidir. Bunu yerli əhali «Pir», «Göy İmam», «Göy künbəz» deyə adlandırır. 6-7 metr hündürlüyündə olan bu türbə 4 bucaqlı şəkildədir. Türbə xaricdən rəngli naxışlarla bəzənmişdir. Onun diqqəti cəlb edən künbəz hissəsi vardır. Gövdənin hündürlüyü 2,5 metr, xarici və daxili diametri 4 metrə yaxındır. Türbənin xarici hissəsinin mərkəzi yerində ərəb dilində yazılmış kitabə vardır. Kitabədə yazılmışdır: «Odur əbədi: bu şərəfli cənnət baxçası 120 il babasının – ona salam olsun – hicrətindən sonra vəfat etmiş İmam Məhəmməd Bağır oğlu – ona salam olsun- Mövlana İbrahimin türbəsidir». Bu kitabədən məlum olur ki, İmamzadə türbəsi VIII Əsrdə inşa edilmişdir. «İmamzadə» türbəsi Azərbaycan xalqının müqəddəs ziyarət yeridir.
Dünya ədəbiyyatının korifeylərindən biri olan, Azərbaycan xalqının dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsi indiki Gəncə şəhərinin 7 km Şərqində, «Şıx düzü» deyilən yerdə inşa edilmişdir. Şeyx Nizaminin məzarı əsrlər boyu təkcə yerli əhalinin deyil, həm də Gəncəyə yolu düşən insanların müqəddəs bildiyi yer olmuşdur.
Просмотрено: 2764